Miqrasiya orqanlarına qulluğa yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
Miqrasiya orqanlarına qulluğa yeni qəbul olunan əməkdaşların “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə uyğun olaraq andiçmə mərasimi təşkil olunub.
Xidmətin Heydər Əliyev muzeyində təşkil olunan mərasimdə yeni əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb, qarşıda duran vəzifələrdən söhbət açıb.
Miqrasiya orqanlarına işə yeni qəbul olunan əməkdaşlar həmçinin peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətində təlimlərə cəlb olunublar. 5 günlük kurs çərçivəsində namizədlərə Dövlət Mİqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, “Miqrasiya orqanlarında qulluqkeçmə qaydaları və şərtləri”, “Korrupsiya ilə əlaqədar hüquq pozuntusuna görə məsuliyyət”, “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması”, “İnsan alverinə qarşı mübarizə və qurbanların müəyyən edilməsi indikatorları”, "Miqrasiya sahəsində beynəlxalq çərçivə və təşəbbüslər: “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” və digər mövzularda təlimlər keçirilib.
Təlimlərdə Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrinin təcrübəli əməkdaşları təlimçi qismində iştirak ediblər.
Sonda tədris kursunu bitirən yeni əməkdaşlara sertifikatlar təqdim olunub.