Dövlət Miqrasiya Xidmətinin rəisi Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Regional Portfolio Meneceri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Regional Portfolio Meneceri xanım Violeta Vaqner və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Səltənət Məmmədova ilə görüşüb.
Qonaqları səmimi salamlayan Vüsal Hüseynov Xidmətin miqrasiya sahəsində beynəlxalq qurumlarla, o cümlədən MSİBM ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki qurum arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. Xüsusilə “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin birinci mərhələsində əldə edilən nəticələri və layihənin ikinci mərhələsi çərçivəsində reallaşdırılan səmərəli tədbirləri yüksək qiymətləndirib.
MSİBM-in Regional Portfolio Meneceri xanım Violeta Vaqner həyata keçirilən birgə layihələrdən, səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.