newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi DMX yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmət rəisi müraciət edənlərin məmnunluğunun, eləcə də  şəffaflığın yüksək səviyyədə təminatının daim diqqət mərkəzində olduğunu və bununla bağlı qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa hər zaman önəm verildiyini diqqətə çatdırıb. Vüsal Hüseynov vətəndaş məmnunluğunun reallaşdırılması işinə İctimai Şuranın səmərəli fəaliyyəti ilə bundan sonra da öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Xidmətlə əməkdaşlığı yüksək dəyərləndirərək, Şuranın gələcək planları barədə məlumat verib. O, Şuranın ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra təkliflər dinlənilib və təşkilati məsələlərə baxılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, cari ilin 6 və 9 iyul tarixlərində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın müddətinin qanunvericiliyə uyğun şəkildə başa çatması ilə əlaqədar normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçki keçirilib. İki mərhələdə keçirilən seçki nəticəsində DMX yanında İctimai Şuranın 9 nəfərdən ibarət heyəti müəyyən olunub. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur