Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov tərəfindən Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin innovativ dövlət idarəçiliyi texnologiyaları yeni inkişaf mərhələsində” mövzusunda onlayn təlimi təşkil edilib.
Təlimdə akademik U. Ələkbərov Prezident cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində innovativ dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatlardan, ölkəmizin son illərdəki dinamik inkişafından, respublikanın güclənməsinə, tərəqqisinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn dövlət proqramlarından bəhs edib. Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması, ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsinin beynəlxalq miqyasda təsdiq olunduğunu bildirən U.Ələkbərov qeyd edilən nailiyyətlərin kökündə cənab Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusilə vurğulayıb.
Akademik bildirib ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.
Akademik qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.