newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi Vüsal Hüseynov qurumlararası səmərəli əməkdaşlıq əlaqələrinə toxunub və birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qaçqın statusu verilmiş şəxslərin ölkədə hüquqi statusları, onların yerli cəmiyyətə inteqrasiyası, “Vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlər, sığınacaq axtaran şəxslərə göstərilən dəstək ilə bağlı ətraflı məlumat verilib.

DMX ilə əməkdaşlıq çərçivəsində Qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində tədbirlərin diqqətdə saxlanacağını qeyd edib.

Görüşdə təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur