newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Regional Təlimçilər üçün təlimlər başa çatıb

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Regional Təlimçilər üçün təlimə yekun vurulub.

Təlimin son günündə Azərbaycanda miqrasiya idarəçiliyi üzrə təcrübələrlə tanış olunması məqsədilə iştirakçıların Dövlət Miqrasiya Xidmətinə tanışlıq səfəri təşkil olunub. Səfər çərçivəsində onlar Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi DMX-nin məsul nümayəndələrindən ibarət heyətlə görüşüblər. Görüşdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə təqdimat nümayiş olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.  Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub. 

Sonda iştirakçılar Xidmətin Təlim Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyəti barədə məlumatlandırılıblar.

Xatırladaq ki, 5 gün davam edən təlimin əsas məqsədi Azərbaycanda yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzində tədris prosesinə cəlb olunacaq gələcək təlimçilərin bacarıqlarının, didaktika biliklərinin yüksəldilməsi, təlimin təşkili metodları ilə bağlı nəzəri və praktiki biliklərinin artırılması olub. Həmçinin təlim çərçivəsində beynəlxalq ekspert tərəfindən hazırlanmış Miqrasiya üzrə Regional Kurrikulumun təqdimatı baş tutub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur