Dövlət Miqrasiya Xidmətinin 2022-ci ilin 6 ayı üzrə statistik məlumatları
2022-ci ilin 6 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı ümumilikdə 57851 müraciət daxil olub. Bu müraciətlərin 26119-u əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması), 11964-ü şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, 7804-ü isə Xidmətin digər fəaliyyət istiqamətləri ilə əlaqədar olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 108856 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 6090 qərar qəbul edilib.