newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Mərkəzi Asiya üzrə subregional koordinatoru Zeynal Hacıyev arasında keçirilən görüşdə beynəlxalq əlaqələrin dərinləşməsi istiqamətində müzakirələr aparılıb. BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin də iştirak etdiyi görüşdə hazırda BMqT ilə əməkdaşlıq şəraitində 4 beynəlxalq layihə ilə bağlı fəaliyyətin uğurla icra olunduğu diqqətə çatdırılıb. Vüsal Hüseynov “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsinin önəmindən bəhs edib.

Xidmət rəisi həmçinin qeyd edib ki, ölkəmiz Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi ötən ay Nyu-York şəhərində baş tutmuş ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda fəal iştirak edib.

Səmimi görüşdən məmnunluğunu ifadə edən Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi Zeynal Hacıyev BMqT-nin Mərkəzi Asiya regionunda fəaliyyəti, eləcə də müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur