newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ombudsman Aparatı ilə birgə Miqrantların hüquqlarının müdafiəsi sahəsində təlimlərə başlanılıb

Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2) layihəsi çərçivəsində “Miqrantların hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq və milli hüquqi çərçivə: monitorinq mexanizmləri, tənzimlənməyən miqrantların saxlanılması prosedurları” üzrə təlimə start verilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnşikafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətinə toxunub, uğurlu nəticələrindən danışıb. Ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, miqrantların hüquqlarının təmini istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işləri diqqətə çatdırıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva   Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə icrasına başlanılan MOBILAZE 2 layihəsinin önəmli fəaliyyətlərindən birinin miqrasiya idarəçiliyində insan hüquqlarının qorunmasının təmini və miqrantyönümlü yanaşmanın tətbiq edilməsinin dəstəklənməsindən ibarət olduğunu bildirib. Həmçinin vurğulayıb ki. Qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilmiş şəxslərin mövcud vəziyyəti və ehtiyacları nəzərə alınmaqla onlara münasibətdə fərdi yanaşma tətbiq edilir, eləcə də hüquqlarının qorunmasına ciddi riayət olunur. İnsan hüquqları üzrə müvəkkil və Milli preventiv qrup üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən Mərkəzə daxil olur, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə və digər şəxslərlə görüşür. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən İnsan hüquqları üzrə müvəkkilin tövsiyələri nəzərə alınır və icra olunur.

Daha sonra çıxış edən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova layihənin miqrasiya siyasətinin təhlili, miqrantların cəmiyyətə inteqrasiyası, sərhəd idarəçiliyi kimi müxtəlif mövzuları əhatə etdiyini diqqətə çatdırıb. Miqrant hüquqlarının beynəlxalq hüquqi müstəvidə qorunmasının əhəmiyyətini bildirib.

Sonra təlimlərə start verilib. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur