“Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda növbəti təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda keçirilən növbəti təlim Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə reallaşıb.
Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova sərhədçilər və müvafiq hüquq-mühafizə orqanlarının digər nümayəndələri üçün sərhəddə sığınacaqla bağlı müraciətlərin qəbul edilməsi prosedurları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd sığınacaq məsələləri ilə bu və ya digər formada əlaqəsi olan dövlət qulluqçularının bacarıqlarını, bilik və təcrübələrini daha da inkişaf etdirməkdir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Hüquq şöbəsinin müdiri Octavian Mohorea ötən illər ərzində Azərbaycanda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması sahəsində görülən işlər, bu istiqamətdə DMX ilə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, BMT QAK-ın fəaliyyəti barədə danışıb.
Sonra DMX-nin və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları təqdimatlarla çıxış edərək sığınacaq proseduru, o cümlədən sığınacaq axtaran şəxslərin sərhəddə müraciətləri olduğu təqdirdə onların DMX-yə istiqamətləndirilməsi məsələlərinə dair ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.