newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Həftəsi 2022”yə həsr olunmuş “Beynəlxalq Miqrasiya Hüququ” mövzusunda regional təlimə start verilib

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə birgə icra etdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya regionundan və Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Miqrasiya Hüququ” mövzusunda hibrid formatda növbəti regional təlim öz işinə başlayıb.

Təlim iştirakçılarını salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müvafiq region ölkələrinin potensialının gücləndirilməsi məqsədilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasını nəzərdə tutan layihənin əhəmiyyətinə toxunub. Mərkəzin yaradılması təşəbbüsünə göstərdiyi dəstəyə görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinə, həmçinin bütün tərəfdaş dövlətlərə təşəkkürünü bildirən Xidmət rəisi layihəni miqrasiya sahəsində çalışan şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Təlim Mərkəzinin miqrasiya üzrə regional əməkdaşlığın və tərəfdaşlığın inkişafında mühüm vasitə olmaqla, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcəyinə əminliyini  ifadə edib.

Vüsal Hüseynov təlim mövzusunun, xüsusilə pandemiya dövründə aktual olduğunu bildirib. Hibrid təlimin Birinci Beynəlxalq Miqrasiya İcmalı Forumu ərəfəsində BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin təşəbbüsü ilə baş tutan “Miqrasiya Həftəsi” çərçivəsində keçirilməsinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Paktın” icrasında “Çempion Ölkə” kimi iştirak edən Azərbaycanın həm sözügedən sənədin, eləcə də Forumun təşviqinə verdiyi önəmin nümunəsi olduğunu bildirib. Xidmət rəisi təlimin bütün maraqlı tərəflər üçün faydalı olacağına ümidvar olduğunu deyib.

Açılış mərasimində layihənin əhəmiyyətini vurğulayan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev təlim mövzuları ilə bağlı qeydlərini bölüşüb.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Füzuli Cəbrayıllının “Beynəlxalq Miqrasiya Hüququnun Qısa tarixi” mövzusunda təqdimatı ilə təlimə start verilib.

İki gün davam edəcək təlimdə beynəlxalq, eləcə də tərəfdaş ölkələrdən olan ekspertlərin iştirakı ilə beynəlxalq miqrasiya hüququnun ümumi çərçivəsi, köçürülmə və insan alveri, miqrant qadın və uşaqların hüquqları, eləcə də əmək miqrasiyası sahəsində beynəlxalq hüququn əsas normaları barədə təqdimatların və məşğələlərin keçirilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur