newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müsabiqə qalibi Tural Feyzullayevlə görüşüb. Xidmət rəisi xüsusi hazırlanmış mentorluq proqramının ilkin olaraq 6 ayı əhatə edəcəyini vurğulayıb. Bu müddət ərzində Tural Feyzullayevin DMX-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. Vüsal Hüseynov mentorluq proqramı çərçivəsində ayda 1 dəfədən gec olmayaraq Turalla görüşlərin keçiriləcəyini, müxtəlif inkişaf istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılacağını diqqətə çatdırıb. Onun müxtəlif təlimlərdə iştirakı və təlimçi qismində imkanlarının mövcudluğuna toxunub. Vüsal Hüseynov proqram çərçivəsində liderlik keyfiyyətinin aşılanması, idarəçilik bacarıqlarının artırılması, təşkilat daxilində rəhbərin rolu, kollektiv üçün düzgün qərarvermə qabiliyyətinin artırılmasını özündə ehtiva edən müxtəlif mövzularda işbirliyinin perspektivlərini bildirib.

“Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Ombudsman Səbinə Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətininsədri Orxan Məmmədov daxildirlər.

Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında,  iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.