newsPhoto

Naxçıvanda “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim olub

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidmətinin və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı təşkilatçılığı ilə “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda təlim olub.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova xidmət tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciətetmə qaydaları, müraciətlər zamanı gerçəkləşdirilən proseslər və himayə olunması barədə ətraflı məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Hüquq şöbəsinin müdiri Octavian Mohorea ötən illər ərzində Azərbaycanla konkret nailiyyətlərlə nəticələnən əməkdaşlığın aparıldığını diqqətə çatdırıb, BMT QAK-ın fəaliyyəti barədə danışıb. Vurğulanıb ki, keçiriləcək təlim beynəlxalq müdafiə, beynəlxalq humanitar, insan hüquqları və qaçqın hüququ da daxil olmaqla hüquqların bərabər şəkildə əldə edilməsinin və istifadəsinin təmininə yönəlmiş bütün hərəkətləri əhatə edir.

Sonra DMX-nin və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları təqdimatlarla çıxış edərək Azərbaycan Respublikasında qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları, vəsatətlərin qəbul edilməsi və baxılması qaydaları, qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlar və meyarlar, qaçqın statusuna dair konvensiya və protokol, sığınacaq axtaran şəxslərin həbsə alınmasına tətbiq edilən meyarlara, standartlara və həbsin alternativlərinə dair göstərişlər və digər məsələlər barədə ətraflı məlumat veriblər.

Təlim diskussiya, qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur