Şirvan regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən maarifləndirmə tədbiri, Lənkəranda isə səyyar xidmət keçirilib
Salyan rayonu üzrə təşkil olunan onlayn tədbir “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” və “Qanunsuz miqrasiya və insan alveri” mövzularına həsr olunub. Salyan rayonunun ictimaiyyət və kənd icra nümayəndələrinin iştirak etdiyi görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Vətəndaşsızlıq hallarının aradan qaldırılması, BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyası, vətəndaşlığa qəbul, bərpa və xitam, həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi kimi məslələlər müzakirə olunub. İnsan alveri, məcburi əmək və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirlərindən də bəhs edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Lənkəran Regional miqrasiya idarəsi tərəfindən isə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən səyyar xidmətlər davam etdirilir. Bu çərçivədə Lənkəran şəhər sakini, Ukrayna vətəndaşı Teyyub Mahmudova daimi yaşama icazəsi vəsiqəsi yaşadığı ünvanda təqdim edilib.