newsPhoto

Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış “Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi Qrup”un növbəti iclası keçirilib.

İşçi Qrupun iclasında Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları iştirak edib.

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov iclası giriş sözü ilə açaraq, Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış İşçi Qrupun məqsədləri barədə məlumat verib.

Daha sonra çıxış edən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elçin Məmmədov ölkə ərazisində vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı görülmüş işlərdən danışıb. Həmçinin Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “Ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslər barəsində məlumatların təqdim edilməsi üçün” bölmənin yaradıldığını və müvafiq məlumatların yerləşdirildiyini qeyd edib.

Sonra BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyinin hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva çıxış edərək ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin aşkar edilməsi, onların qeydiyyatının aparılması və sənədləşməsi, bu istiqamətdə məlumatlılığın artırılması ilə bağlı görülmüş işlər barədə məlumat verib. Bu sahədə Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Tədbirin davamında İşçi Qrupun digər üzvləri səlahiyyətləri daxilində gördükləri işlər barədə məlumat veriblər.

Sonda vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb, bununla bağlı İşçi Qrupun üzvlərinin həyata keçirdikləri tədbirlər qeyd olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur