“Miqrasiya Məktəbi-3” layihəsində növbəti təlimlər keçirilib
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun əməkdaşları Günay Cəfərzadə və Elçin Hüseynov, həmçinin Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin əməkdaşı Azər Orucov tərəfindən keçirilib.
Təhsil Nazirliyinin əməkdaşları tərəfindən “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları” mövzusunda keçirilən digər təlimdə ölkəmizdə təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təhsil hüquqları, təhsil ocaqları üzrə xarici tələbələrin statistikası, xarici tələbələrə dövlət tərəfindən təqdim edilən təqaüd proqramları, eyni zamanda “Study in Azerbaijan” portalından söhbət açılıb. Təlimin ikinci hissəsində isə iştirakçılar Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsil imkanları və bununla əlaqədar qüvvədə olan təqaüd proqramları haqqında məlumatlandırılıblar.
“Azərbaycanda turizmin inkişafı və perspektivlər” mövzusunda keçirilən digər təlimdə iştirakçılara bu sahədə olan qanunvericilik, görülən işlər, müvafiq tədbirlər planı və dövlət proqramları, o cümlədən perspektivdə olan məsələlər barədə məlumat verilib.
Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.