newsPhoto

Azərbaycan Respublikası ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında adıçəkilən təşkilatın Azərbaycan Respublikasında statusuna dair Saziş imzalanıb

Virtual imzalanma mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnşikafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Xidmətin əsas beynəlxalq tərəfdaşlarından biri olduğunu vurğulayıb. 2006-cı ildə Azərbaycan Respublikası Hökuməti və MSİBM arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, iki qurum arasında səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Vüsal Hüseynov, həmçinin MSİBM ilə birgə həyata keçirilmiş “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)” və “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihələri çərçivəsində əldə edilmiş uğurlu nəticələr barədə danışıb. Bu nəticələrin ehtiyaclara uyğun hazırlanmış yeni layihə çərçivəsində də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Xidmət rəisi Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yüz minlərlə qaçqın və məcburi köçkünün həyatında dönüş nöqtəsi olduğunu və regionda yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. Yeni Sazişə əsasən, MSİBM-in Azərbaycanda Nümayəndəliyinin yaradılmasının bu istiqamətdə birgə addımların və fəaliyyətlərin daha yaxşı əlaqələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

MSİBM-in baş direktoru Mixael Şpindelegger həyata keçirilən birgə layihələr, eləcə də Təşkilatın Katiblik funksiyasını yerinə yetirdiyi Budapeşt və Praqa prosesləri çərçivəsində qurulmuş səmərəli əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, həmçinin miqrasiya orqanları işçilərini qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edib.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş” imzalanıb. Saziş Azərbaycan Respublikası Hökuməti adından Prezidentin müvafiq Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, MSİBM adından isə təşkilatın baş direktoru Mixael Şpindelegger tərəfindən imzalanıb. Sənəd Azərbaycanın MSİBM və Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq yardım alətlərindən istifadə imkanlarını artırmaq baxımından mühüm əhəmiyyətə malikdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur