newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Könüllülərinin himni”nin klip təqdimatı keçirilib

 

2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində Miqrasiya Könüllüsü İctimai Birliyinin 2020-ci il “Könüllülər ili”ndə görülmüş işlərin hesabatı, o cümlədən Miqrasiya könüllülərinin himninin və klipinin təqdimatı keçirilib.  Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyətinin üzvləri və bir qrup fəal gənc, o cümlədən himnin yaradıcı heyətinin üzvləri - xalq artisti Eldar Mansurov, Qaya Dövlət Ansamblının direktoru, əməkdar artist Rüfət Babayev və solistləri ilə görüşüb.

Əvvəlcə II Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Xidmət rəisi düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda, canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla anaraq onların gənclərimiz üçün nümunə olduğunu xüsusi vurğulayıb.

Daha sonra Vüsal Hüseynov gəncləri qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib. Prezident cənab İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunmasını dövlət başçısının Azərbaycan gəncliyinə dəstəyinin və etimadının təzahürü olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə gənclərlə aparılan məqsədyönlü işlər, könüllülük fəaliyyəti gənclərin potensiallarının və dünyagörüşünün artırılmasında, məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Miqrasiya orqanlarında gənclərlə, o cümlədən könüllülərlə aparılan işin səmərəli təşkilindən bəhs edən Vüsal Hüseynov Miqrasiya könüllülərinin fəaliyyətini məmnunluqla qeyd edib. Xüsusilə ötən ildə pandemiya ilə mübarizədə və ölkəmizin şanlı zəfər tarixi olan Vətən müharibəsində əhalinin məlumatlandırılmasında, informasiya cəbhəsində gənclərin sosial şəbəkələrdə aktivliyini yüksək qiymətləndirib. Çıxışının sonunda Miqrasiya Könüllülərinin himninin bəstəkarı xalq artisti Eldar Mansurov, Qaya qrupunun üzvləri və yaradıcı heyətə təşəkkürünü bildirən Vüsal Hüseynov bu cür sosial layihələrdə ictimai xadimlərin, tanınmış insanların iştirakının gənclər üçün böyük stimul olduğunu vurğulayıb. Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri Aydan Haşımovanın 2020-ci ildə Miqrasiya könüllülərinin fəaliyyəti və cari ildə nəzərdə tutulan layihələri barədə hesabatı dinlənilib.

 Daha sonra Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Könüllü Təşkilatları arasında aktivliyi və fərqliliyi ilə seçilən Miqrasiya könüllülərini təbrik edib. Gənclər Fondu ilə birgə həyata keçiriləcək gələcək layihələrdəki fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə il ərzində fərqlənən könüllülərə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən diplomlar təqdim edilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə Miqrasiya Könüllülərinin və Qaya Dövlət Ansamblının  birgə layihəsi olan “Miqrasiya könüllülərinin himni”nə çəkilmiş klipin təqdimatı olub.

Qeyd edək ki, “Miqrasiya könüllülərinin himni”nin musiqisi Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurova, sözləri Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Elnur Kələntərova məxsusdur. Klipin rejissoru Fuad Əlişovdur. Himni könüllülər Qaya Dövlət Ansamblının solistləri ilə birgə ifa ediblər.

Tədbirdə çıxış edən xalq artisti Eldar Mansurov Dövlət Miqrasiya Xidmətinin gələcəyimiz olan gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Sonda Qaya qrupunun canlı ifası maraqla qarşılanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur