Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Dövlət Miqrasiya Xidmətində 26 fevral Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları Xidmətin foyesində Xocalı soyqırımına həsr edilən rəsm əsərləri, eləcə də “Xocalı yol gözləyir” filminin çəkiliş prosesinin fotolarından ibarət sərgi ilə tanış olublar.
Əvvəlcə anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib ki, Azərbaycan xalqı zaman-zaman bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarından didərgin salınıb, deportasiya edilib, qanlı faciələrin qurbanı olub. Bu tarixi düşmənçilik və xalqımıza qarşı nifrət hissləri özünün son həddini tam olaraq Xocalıda törədilən soyqırımı ilə dünyaya nümayiş etdirdi.
Xidmət rəisi bildirib ki, Xocalı qətliamı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən unudulmaz və ağrılı hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Vüsal Hüseynov Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu qeyd edib, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb. Xidmət rəisi Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını, bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verəcəklərini bildirib.
Soyqırımın canlı şahidi olmuş, əsirlikdən qayıtmış Xocalı sakini Mürvət Məmmədovun acı xatirələri iştirakçılarda dərin təəssürat yaradıb.
Tədbirdə çıxış edən “Xocalı yol gözləyir” bədii film-kompozisiyasının ssenari müəllifi Afaq Əhmədova çəkiliş prosesində keçirdiyi hissləri və yaşadığı təəssüratları tədbir iştirakçıları ilə bölüşüb.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımının 28 illiyinə həsr edilmiş “Xocalı yol gözləyir” film-kompozisiyasının ilk nümayişi keçirilib.