Dövlət Miqrasiya Xidmətinin 2020-ci ilin yanvar ayına olan statistik məlumatları
2020-ci ilin yanvar ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 49151 müraciət qeydə alınıb.
Ay ərzində DMX-ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 7483 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
Yanvar ayında ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 1373 qərar qəbul edilib. Qərarlardan 717-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 486-sı ölkəni tərk etmə, 231-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.
Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 603 qərardan 128-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 475-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub.
27 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 5-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 21 qərar qəbul edilib.
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.