newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda iştirak edib

Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM Azərbaycan) Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə görüş təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin missiyası və məqsədləri, bu sahədə görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirib ki, ölkədə həyata keçirilən miqrasiya siyasətinin əsas prioritet istiqaməti bütün tərəflərin - istər dövlət və özəl sektor, istərsə də əcnəbilərin və vətəndaşların yararlanmasını təmin etməkdir. Bu məqsədlə normativ hüquqi bazanın daha da təkmilləşməsi, xidmətlərin əlçatan, şəffaf, səmərəli və keyfiyyətli olmasının təmin edilməsi, innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Məhz normativ bazanın və göstərilən xidmətlərin təkmilləşməsində Məşvərət Şurasının təklifləri nəzərə alınır. Xüsusilə biznes forum, işgüzar nahar və görüşlərin təşkili bu istiqamətdə nailiyyətlərin əldə olunmasına töhfəsini verir.

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə son iki ildə ən yüksək nəticəni göstərib (68.98% və 83.81%).

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi sualları və müraciətləri cavablandırıb.

AMCHAM nümayəndələri səmərəli görüşə və DMX rəhbərliyinin biznes sektoru təmsilçiləri ilə belə işgüzar müzakirələrə verdiyi önəmə görə razılıqlarını ifadə ediblər.

Tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur