“Nəsimi ili” çərçivəsində dahi mütəfəkkirin 650 illik yubileyi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən ədəbi-bədii tədbir təşkil edilib
Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə elan edilmiş “Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlər davam edir. Bu istiqamətdə növbəti tədbir Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı Gənclər Mərkəzində təşkil olunub.
Ədəbi-bədii gecədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Xidmətin rəhbər şəxsləri və əməkdaşları, Miqrasiya könüllüləri, eləcə də qonaqlar iştirak ediblər.
Tədbir Bakı Uşaq Teatrının yaradıcı heyəti, Miqrasiya Könüllülərinin və xanəndə Arzu Məmmədovanın ifasında böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya ilə davam edib.
Tədbir boyunca AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimi irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, Nəsimi qrupunun rəhbəri Səadət Şıxıyeva Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığından bəhs edib. Onun ədəbi irsinin ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz sərraflarından birinə çevirdiyini diqqətə çatdırıb. Səadət Şıxıyeva, həmçinin Nəsimi poeziyasının, onun edamının çoxlarına məlum olmayan tərəflərini açıqlayıb.
Sonda gecənin fəxri qonağı, Nəsimi rolunun mahir ifaçısı kimi tarixə düşən xalq artisti Rasim Balayevin dahi şairin qəzəlini səsləndirərək səhnəyə gəlişi böyük coşqu ilə qaşılanıb. Xalq artisti unudulmaz obrazın ifası zamanı yaşadığı hisləri, eləcə də Nəsimi yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təəssüratlarını bölüşüb. Xidmət rəisi bildirib ki, dahi şairin 650 illik yubileyinə həsr olunmuş tədbir gənc nəsldə Nəsimi yaradıcılığı barədə kifayət qədər məlumat fomalaşdırmış oldu. O, Nəsimini Azərbaycan xalqının dünyaya bəxş etdiyi mədəniyyət nümunəsi kimi qiymətləndirib.
Daha sonra iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib.