TAIEX layihəsi çərçivəsində “Saxlama mərkəzlərində həssas qruplar və miqrantlarla davranış” mövzusunda seminarın açılışı olub
Məqsəd Dövlət Miqrasiya Xidməti ilə Avropa İttifaqı qanunvericiliyi və miqrantların saxlanması ilə bağlı ən yaxşı təcrübələr, o cümlədən hüquq və vəzifələri bölüşməkdir.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından, vizaların sadələşdirilməsi, readmissiya haqqında imzalanan sazişlərin uğurlu nəticələrindən danışıb. DMX-nin Avropa İttifaqı tərəfindən təsdiqlənən sayca 9-cu layihəsinin də müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Xidmət rəisinin müavini, həmçinin qloballaşan dünyada aktiv şəkildə davam edən miqrasiya proseslərinin miqrant axınına təsirindən bəhs edib. Bildirib ki, bu proseslər daim diqqət mərkəzində saxlanılır ki, qanunsuz miqrasiya hallarının qarşısını vaxtında almaq mümkün olsun.
Pərviz Musayev Dövlət Miqrasiya Xidmətinin Saxlama Mərkəzlərinin fəaliyyətinə, miqrantlara qarşı xüsusi rəftar və daxili intizam qaydalarına da diqqət çəkib.
Belçikanın İnsan hüquqları və müstəqil sığınacaq üzrə eksperti Cedric Dartois Saxlama mərkəzlərinə yerləşdirilmiş miqrantların hüquq və vəzifələri, həssas qrupa daxil olan miqrantlar, xüsusilə uşaqlar, post-travmatik vəziyyətdə və ya əlilliyi olan, eləcə də aqressiv davranış nümayiş etdirən şəxslərlə rəftar və təhlükəsizlik prosedurları kimi mövzulara dair Avropa İttifaqının qabaqcıl təcrübələrini bölüşüb.
“Saxlama mərkəzlərində həssas qruplar və miqrantlarla davranış” mövzusu 2 gün ərzində müzakirə olunacaq.