newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov: “Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ müzakirəyə çıxarılır və dərhal həll edilir”

Bu fikirləri “Caspian European Club” tərəfindən “Hyatt Regency Baku” otelində təşkil olunan CEO Lunch Bakunun (işgüzar naharın) fəxri qonağı qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov səsləndirib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən yeni layihələr, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin uğurlu platforma rolunu oynayan klub çərçivəsində reallaşdırılan tədbirlərin önəmini və birgə əməkdaşlığın bütün iştirakçılar üçün faydasını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətində sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ metodların tətbiqini daim gündəmdə saxlayır. Məhz sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr bunun əyani sübutudur.

Xidmət rəisi qeyd edib ki, CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır. Dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması, fikir mübadiləsi aparmaq,  işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. Vüsal Hüseynov deyib ki, belə tədbirlərdə sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ və təklif müzakirəyə çıxarılır və dərhal həll edilir.

Sonra “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. Son ildə işçi qrup çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın fəallaşdırılmasında Xidmət rəisinin xüsusi rolunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbə görə bugünkü işgüzar nahar səmimi dostluq mühitində keçir.

Daha sonra Vüsal Hüseynova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Eyni zamanda, “Caspian European Club”un həm yeni, həm də onun tərkibinə daxil olan üzv şirkətlərə sertifikatlar verilib.

Qeyd edək ki, “Caspian European Club” sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirir.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur