newsPhoto

Vüsal Hüseynov: “Miqrantların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir”

Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında səsləndirib.

“Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda çıxış edən Xidmət rəisi müasir dünyada baş verən müxtəlif siyasi, iqtisadi proseslər və hərbi münaqişələr nəticəsində miqrasiyanın miqyasının sürətlə genişləndiyini, miqrantların böyük əksəriyyətini əməkçi miqrantların təşkil etdiyini, onlarla bağlı problemlərə diqqət yetirilməsində dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasının zəruriliyini bildirib. Qeyd edib ki, Azərbaycan əmək miqrasiyası cəhətdən həm təyinat, həm də mənşə ölkəsi hesab olunur. Ölkəmizdə miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların, xüsusilə də əməkçi miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Bu səbəbdən xaricdə işləyən vətəndaşlarımızın hüquqlarının qorunması ilə yanaşı, ölkəmizə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların da hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Vüsal Hüseynov ölkədə miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, eləcə də hərtərəfli yanaşma tətbiq etməklə  miqrasiya proseslərinin inkişafa təsirinin daha da artırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Xidmət rəisi söyləyib ki, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb.

İclas çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri vəzifəsini icra edən Can Unver və başqaları çıxış edərək əməkçi miqrantların həm mənşə, həm də təyinat ölkələrində cəmiyyətə və iqtisadiyyata verdikləri mühüm töhfələr, onların hüquqlarının təminində hökumətlərin və beynəlxalq ictimaiyyətin rolu, bu sahədə təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti mövzularında məlumat veriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur