Ucarda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Avqustun 21-dən sentyabrın 21-dək BMT-nin elan etdiyi “Sülh aylığı” ilə əlaqədar Yevlax regional miqrasiya idarəsinin əhatə etdiyi Ucar rayonunda “Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların və ailə birləşməsi hüquqlarının təmini” mövzusunda tədbir keçirilib. 37 il ərzində bütün dünyada qeyd olunan bu təqvim sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması, hər cür zorakılığın dayandırılmasına xidmət edir.
Qeyd olunub ki, ötən illər ərzində əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmini məqsədilə ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub. Miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir.
“Sülh aylığı”nın əsas məqsədi insanlara yaşamaq hüququnun sülh və sabitlik şəraitində təmin edilməsinin mümkünlüyünü çatdırmaq, onları buna cəlb etməkdir.
Tədbir çərçivəsində, həmçinin Yevlax regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət təşkil edilib. 5 nəfərin miqrasiya qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb, 1-inin müvəqqəti yaşama üçün sənədləri qəbul edilib. 3 nəfərə isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı təqdim olunub.