Dövlət Miqrasiya Xidməti tərəfindən 2019-cu ilin I yarımili ərzində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib
18 iyul 2019-cu il tarixində Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, ötən dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı təmin edilib, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Həyata keçirilən tədbirlər miqrasiya sahəsinin inkişafına da öz müsbət təsirini göstərib.
Dövlət Miqrasiya Xidməti də fəaliyyətini dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun şəkildə davam etdirib. Xidmət rəisi cari ilin I yarımili ərzində görülən işləri və statistik məlumatları açıqlayıb.
Bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım qeydə alınıb.
Həmçinin vurğulanıb ki, yarımil ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Xidmət tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb.
Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub.
Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.