Bakı III Yerdəyişmə üzrə Tərəfdaşlıq Konfransına ev sahibliyi edib
“Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda illik beynəlxalq konfrans keçirilib.
Məqsəd Yerdəyişmə üzrə Tərəfdaşlıq prioritetləri, miqrasiya və yerdəyişmənin müxtəlif sahələri üzrə istiqamətlərin müzakirəsi üçün regional platformanın təşkili, habelə MOBILAZE layihəsinin icrasının yekun mərhələsinin qeyd edilməsidir. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləmək, habelə bu cür proseslərin mümkün qədər səmərəli idarə olunmasını təmin etmək üçün iki tərəf arasında gələcəkdə də davam etdiriləcək dialoqun və əməkdaşlığın çoxsaylı prioritet sahələrini müəyyən edib.
Dövlət rəsmiləri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Baş Direktoru və ekspertlərin iştirak etdiyi konfransda miqrasiya və yerdəyişmələrə regional yanaşmalar, eləcə də bu sahələr üzrə əməkdaşlığın gələcəkdə də inkişafı məsələləri müzakirə edilib.
Konfransda Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək miqrasiya və yerdəyişmə sahəsində Aİ ilə əməkdaşlığın prioritetlərini qeyd edib. Xidmət rəisi Avropa İttifaqı ilə həyata keçirilən MOBILAZE layihəsinin dövlət qurumları üçün əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Yerdəyişmə üzrə Tərəfdaşlıq miqrasiya və yerdəyişmə sahəsində Avropa İttifaqı, Aİ-yə üzv dövlətlər və üçüncü ölkələr arasında ən müfəssəl əməkdaşlıq və tərəfdaşlıq çərçivələrindən biridir. Yerdəyişmə üzrə Tərəfdaşlıq Aİ-nin Miqrasiya və Yerdəyişmə üzrə Qlobal Yanaşması çərçivəsində əsas siyasət aləti olaraq, Aİ-yə və tərəfdaş ölkələrə, hər iki tərəfin vətəndaşlarına, eləcə də digər əlaqədar tərəflərə miqrasiya və yerdəyişmə məsələlərini ünvanlı, xüsusi ehtiyaclara uyğun şəkildə müzakirə etmək imkanı verir.
Daha sonra Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) baş direktoru Mixael Şpindeleqqer çıxış ediblər. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, miqrasiya və yerdəyişmə sahəsində gələcək məqsədlər diqqətə çatdırılıb.