newsPhoto

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların gücləndirilməsi” (ENCT) layihəsi başa çatıb

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunub. Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, ölkəmiz insan alverinə qarşı mübarizə üzrə bir çox beynəlxalq sənədlərə qoşulub.  Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyi və maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, insan alverinə dair mübarizədə iştirakın təmin edilməsi vəzifələrini müvəffəqiyyətlə  yerinə yetirir.

Pərviz Musayev layihənin insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə komponentinin davamı olduğunu vurğulayıb. Bunun, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq haqqında Birgə Bəyənnamədə müəyyənləşdirilmiş fəaliyyət istiqamətlərinə uyğun olmaqla, Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsinə dəstək verdiyini deyib.

          Tədbirdə BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisi Qulam İsakzai, Avropa İttifaqının Azərbyacan Repsulikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, eləcə də layihədə benefisiar qismində iştirak edən digər dövlət orqanlarının nümayəndələri də çıxış edərək insan alverinə qarşı mübarizənin aktuallığından, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” layihəsinin faydalarından və Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.

Sonda layihə çərçivəsində uğurlu əməkdaşlığa görə layihədə iştirak edən dövlət orqanlarının nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur