Vüsal Hüseynov: “Azərbaycan insanlar, ölkələr və cəmiyyətlər arasında effektiv dialoqun qurulmasına xüsusi önəm verir”
Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Miqrasiya, köçürülmə və insan təhlükəsizliyi” mövzusunda plenar sessiyada söyləyib.
Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Sözügedən Forum çərçivəsində 3 may 2019-cu il tarixində “Miqrasiya, köçürülmə və insan təhlükəsizliyi” mövzusunda plenar sessiya keçirilib. Sessiyada Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin İcraçı direktoru professor Maykl Hardi, Monteneqro Daxili İşlər naziri Mevludin Nuhodziç, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Koventri Universitetinin Cənub-Cənub Miqrasiyası, Qeyri-bərabərlik və İnkişaf Qlobal Layihəsinin rəhbəri Hevn Kroulin, Afrika Miqrasiya və İnkişaf Siyasəti Mərkəzinin Tədqiqat və Məlumat Bölməsinin Direktoru Linda Ouçon, Beynəlxalq Köçürülmə Montorinqi Mərkəzinin direktoru Aleksandra Bilak, İtaliya Parlamentinin üzvü Mauriçio Lupin, Marmara Qrupu Fondunun prezidenti Akkan Suver çıxış ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əhəmiyyətli mühüm tədbir olduğunu qeyd edib. Bildirib ki, Forum çərçivəsində ilk dəfə əsas plenar mövzulardan birinin miqrasiya, köçürülmə və insan təhlükəsizliyi mövzusuna həsr edilməsi dünyada miqrasiyaya qlobal səviyyədə artan diqqətin təcəssümüdür.
Vüsal Hüseynov çıxışında dünyada hazırda mövcud olan miqrasiya prosesləri, bir sıra regionlarda baş verən münaqişələrin insanların yerdəyişməsinə təsiri, Dağlıq Qarabağ münaqişəsinin miqrasiya proseslərində yeri, bu sahədə mövcud olan problemlərin həlli üçün güclü tərəfdaşlıqların qurulmasının və hərtərəfli yanaşmanın tətbiq edilməsinin əhəmiyyəti barədə danışıb. Xidmət rəisi qeyd edib ki, Azərbaycan insanlar, ölkələr və cəmiyyətlər arasında effektiv dialoqun qurulmasına xüsusi önəm verir və ölkəmizin “Nizamlı, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə qlobal kompakt” və “Qaçqınlar üzrə qlobal Kompakt” sənədlərinə qoşulması bunun əyani göstəricisidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi həmçinin çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının düşmən tərəfindən işğalı, ölkədə yaranmış qaçqın və məcburi köçkün problemi və onların üzləşdikləri çətinliklərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirləri, ölkədə daxili və xarici miqrasiya proseslərinin mənfi təzahürlərinin aradan qaldırılması istiqamətində görülən işləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Plenar sessiyada digər beynəxlaq təşkilatların, akademik elmi cəmiyyətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində miqrasiya, köçürülmə və insan təhlükəsizliyi məsələlərinin müzakirə edilməsinin bu sahədə qlobal tərəfdaşlığa öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Sessiyada mövzu ətrafında geniş müzakirələr aparılıb.