Qazax rayonunda maarifləndirilmə tədbiri və səyyar xidmət təşkil edilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12 – ci ildönümü ilə əlaqədar Gəncə regional miqrasiya idarəsi Qazax rayonunun “Gənclər Mərkəzində” ictimaiyyətin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi məqsədilə tədbir keçirib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin, yerli icra və bələdiyyə nümayəndələrinin, yerli sahibkarlıq subyektlərinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olmaqla ümumilikdə 216 nəfər iştirak edib.
Görüşdə Qazax rayon İcra Hakimiyyətinin və Gəncə regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər və Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmətlər, mobil tətbiqi – MİGAZ barəsində ətraflı məlumat veriblər.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda təşkil edilən səyyar xidmətin imkanlarından 52 nəfər istifadə edib. Onlardan 1 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, 4 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı qərar təqdim edilib. 1 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib, 13 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, müvəqqəti, eləcə də daimi yaşama icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub, 33 nəfərin miqrasiya ilə bağlı məsələləri dinlənilib və qanunvericilik çərçivəsində izahedici söhbətlər aparılıb.
Səyyar xidmət göstərilən şəxslər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.