Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Fevralın 25-də Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, miqrasiya sahələrində göstərilən xidmətlərin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması məqsədilə həyata keçirilən tədbirləri qonaqların diqqətinə çatdırıb. Bildirib ki, MİGAZ mobil tətbiqinin istifadəyə verilməsi, DMX-nın Çağrı mərkəzinin 24/7 iş rejimində fəaliyyət göstərməsi, miqrasiya könüllüsü layihəsinə start verilməsi, eləcə də yaxın günlərdə Bakı regional miqrasiya idarəsinin qəbul şöbəsinin açılışının reallaşdırılması miqrasiya sahəsində şəffaflığın və obyektivliyin təmin olunmasına, xidmət sahələrində innovativ həllərin tətbiqinə xidmət edir. Xidmətin təkmilləşməsi üçün vətəndaş müraciətlərinin, mətbuat, ictimaiyyət nümayəndələrinin fikirlərinin araşdırıldığını və təhlil olunduğunu söyləyən Xidmət rəisi ictimai nəzarətin təmin edilməsində İctimai Şurada təmsil olunan qeyri-hökumət təşkilatlarının (QHT) da önəmini qeyd edib.
Sonra İctimai Şuranın sədri Azər Allahverənov, üzvləri Sahib Məmmədov, Kənan Bağırov və Şərqiyyə Dadaşova Şura tərəfindən görülən işlər barədə məlumat veriblər. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin bugünkü aktual istiqamətləri nəzərə alınaraq İctimai Şuranın Xidmət ilə birgə fəaliyyətinin gələcəkdə daha da səmərəli və məqsədyönlü təşkili üçün müzakirələr aparılıb, təkliflər dinlənilib.
Tədbirin sonunda xatirə şəkili çəkilib.