Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum kadr potensialının gücləndirilməsi, dövlət qulluğu sistemində çalışan gənc kadrların ixtisasının artırılması üzrə qısamüddətli ixtisastırma kurslarının təşkili, dövlət idarəetməsi sahəsində təhsil alan gənc kardların könüllülük proqramlarında iştirakını, praktik təcrübə əldə etmələrini dəstəkləmək və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir.
Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən rektor, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı inkişaf strategiyasının təmin olunmasında ölkənin əldə etdiyi uğurlara diqqət çəkib. Rektor ölkəmizdə nadir idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi, sosial, siyasi, humanitar və digər sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, ölkədə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq atılan önəmli addımlardan biridir. Son illər iqtisadi gücü artan Respublikamız dünyada iş adamları üçün əlverişli biznes mühitinə malik dövlətlərdən birinə çevrildiyini vurğulayan Xidmət rəisi belə bir şəraitdə olkəmizə keyfiyyətli işçi qüvvəsinin cəlb olunması, digər tərəfdən qanunsuz miqrasiya qarşı mübarizə tədbirlərinin gücləndirilməsini ümdə vəzifələrdən biri olduğunu, miqrasiya proseslərini nəzarətdə saxlanılmasında bacarıqlı kadr potensialına ehtiyac duyulduğunu diqqətə çatdırıb. Memarandumun məqsədindən danışan Vüsal Hüseynov bildirib ki, dövlət idarəetməsi sahəsində ixtisaslaşan gənclər arasında respublikada miqrasiya sahəsinə aid islahatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, yeni biliklərin verilməsi, onların arasında miqrasiya sahəsinə marağın artırılması nəzərdə tutulur.