Dövlət Miqrasiya Xidmətinin rəisi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso, hüquq şöbəsinin müdiri Octavian Mohorea və hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva ilə görüşüb.
V. Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, cari ildən yalnız DMX tərəfindən bu qəbildən olan insanların qeydiyyata alınma proseduru həyata keçirilir və ölkəmizdə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir. Qaçqın statusu almış şəxlərin inteqrasiyası ilə bağlı müxtəlif layihələrin həyata keçirməsi nəzərdə tutulur.
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində əldə edilən nailiyyətləri güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası, əmək bazarına çıxışının sadələşdirilməsi istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.