Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland Krallığında rəsmi səfərdədir
Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Niderland Krallığının Repatriasiya və Geri Qaytarma, eləcə də İmmiqrasiya və Naturalizasiya Xidmətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlər zamanı Dövlət Miqrasiya Xidməti ilə Niderland Krallığının müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə, miqrasiya və sığınacaq sahəsində qarşılıqlı maraq kəsb edən məsələlərə, eləcə də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icra vəziyyətinə və həmin sazişin həyata keçirilməsi üzrə protokol layihəsinə dair müzakirələr aparılıb, iki ölkənin müvafiq qurumları arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində atıla biləcək addımlara toxunulub.
Bununla yanaşı, Azərbaycan Respublikasına geri qaytarılan şəxslərin cəmiyyətə reinteqrasiyasına yardım göstərilməsi məqsədilə 2019-cu ilin yanvarından etibarən Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” adlı yeni layihənin icra vəziyyəti barədə ətraflı fikir mübadiləsi həyata keçirilib.
Bundan əlavə, səfər müddətində Niderland Krallığının sığınacaq axtaran şəxslərin qəbul və yerləşdirmə mərkəzləri, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə tanışlıq səfərləri təşkil olunub, sığınacaq müraciətləri ilə bağlı prosedurlara, sığınacaq verilmiş üçüncü ölkə vətəndaşlarının sosial müdafiəsinin təmininə, həmçinin həmin şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına dair Niderland təcrübəsi öyrənilib. Habelə, əcnəbilərə “bir pəncərə” prinsipi üzrə xidmət göstərən və miqrasiyanın Niderland Krallığının iqtisadiyyatına müsbət təsirini təşviq edən “Əcnəbi Mərkəzi”nin iş prinsipi ilə tanış olunub.
Səfər çərçivəsində Vüsal Hüseynov Azərbaycan Respublikasının Niderland Krallığındakı diplomatik nümayəndəliyinin müşayiəti ilə Haaqa şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucadılmış abidəni də ziyarət edib.