12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ulu öndər Vətənimizin hər yerində, hər qarışında bizimlə çiyin-çiyinə, nəfəs-nəfəsədir. O, bütün Azərbaycan xalqının qəlbindədir. Çünki Dahi Öndərin bütün həyat amalı öz sevimli xalqına xidmətdən ibarət olmuşdur. Özünün dediyi kimi, Ulu öndər bütün gücünü, iradəsini qədirbilən Azərbaycan xalqından almış, ən çətin anlarında yalnız və yalnız xalqına arxalanmışdır. Ümummilli Liderin dövlət başçısı olduğu illərdə Azərbaycan xalqı böyük tarixi yol keçmiş, respublikamızın iqtisadiyyatı sürətlə inkişaf etmiş, xalqımızın mədəni səviyyəsi yüksəlmiş, güclü iqtisadi, sosial və mədəni-intelektual potensial yaranmışdır.
Heydər Əliyev öz həyat prinsipləri uğrunda cəsarətlə mübarizə aparan, mövcud şəraiti dərindən təhlil edərək düzgün qiymətləndirən, milli maraqlarımızın qorunması istiqamətində böyük nailiyyətlər əldə edən dünya şöhrətli dövlət xadimi idi.
Tarix hər xalqa bütün dünyada qəbul edilən lider bəxş etmir. Xalqımız xoşbəxtdir ki, Azərbaycanın özü qədər əbədi və unudulmaz olan Heydər Əliyev kimi ümummilli lideri var.
Uzaqgörən siyasət, müasir dövlət quruculuğu, sabitlik, iqtisadi dirçəliş, azərbaycançılıq ideologiyası dedikdə, ağlımıza ilk növbədə Ulu Öndərimiz gəlir.
Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayqı nümunəsi olan ən böyük azərbaycanlı – Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. Bu zirvə daim üz tutduğumuz, bəhrələndiyimiz müqəddəs bir məbəddir.
Tarixə öz adını əbədi həkk etmiş bu nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük nəticəsi – quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır!
Heydər Əliyevin həyat yolu yüksək-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ulu öndər iki siyasi sistemdə Azərbaycanın rəhbəri olmuş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə özünün bütün fəaliyyətini Azərbaycanın yüksəlişinə, xalqımızın mədəni-mənəvi inkişafına həsr etmişdir.