Dövlət Miqrasiya Xidmətinin rəisi: “Qanunsuz miqrasiyaya qarşı mübarizədə effektiv vasitə qanuni miqrasiyanın təbliği və təşviqidir”
Azərbaycan Respublikasının Milli Məclisində “Parlamentarlar və Dayanıqlı İnkişaf Məqsədləri: İnsan alveri və miqrant qaçaqçılığına qarşı mübarizədə çoxtərəfli yanaşmalar” adlı tədbir keçirilib.
Milli Məclisinin Vitse spikeri xanım Bahar Muradova, komitə sədrlərinin, millət vəkillərinin, Xidmət rəhbərlərinin, Beynəlxalq Miqrasiya Təşkilatının(BMqT) və Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyinin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekspertlərin iştirak etdiyi tədbirdə insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər və onların nəticələri barədə ətraflı məlumat verilib.
Seminarın işini yüksək qiymətləndirən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdə insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasətin yürüdülməsini, bu sahədə cinayətlərin qarşısının alınmasını, qurbanların müdafiəsi, onların hüquqlarının bərpası, sosial reabilitasiyasının təmin edilməsi məsələlərinin dövlət başçısı tərəfindən daim diqqətdə saxladığını söyləyib. Qeyd edib ki, hazırda dünyada 260 milyona yaxın miqrant mövcuddur. Miqrasiyanın qlobal miqyasının günü gündən genişlənməsi bu proseslərdən öz maraqları üçün mənfi istiqamətdə istifadə etmək istəyənlərin də sayının artmasına səbəb olur. Bu səbəbdən təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün düyanın qarşısında duran prioritetlərdən biridir. Məhz Azərbaycan Respublikası Prezidentinin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı Azərbaycanda bütün səviyyələrdə insan alverinə, eləcə də qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin davamlılığını nümayiş etdirir.
Xidmət rəisi bildirib ki, DMX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra qanunsuz miqrasiya kanalı aşkar edilib, əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsində, qanunsuz miqrasiyanın təşkili və dələduzluqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar. DMX-nin rəisi Vüsal Hüseynov qeyri-qanuni miqrasiyaya qarşı ən effektli mübarizənin qanuni miqrasiyanın təbliği və təşviqi olduğunu söyləyib. O, insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin davam etdirilməsinin önəmini vurğulayıb. Ötən illər ərzində Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlərin ölkəmizin beynəlxalq imicinə öz töhfəsini veridiyini diqqətə çatdıran Xidmət rəisi seminarın panellər üzrə davam etdirilən işinə uğurlar arzulayıb.