newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbərliyi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Avstriyaya səfəri çərçivəsində mənzil-qərərgahı Vyanada yerləşən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM)  Baş direktorunun müavini xanım Qabriela Abado ilə görüşüb.

Görüşdə DMX-nin beynəlxalq tərəfdaşı olan MSİBM arasında ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələri geniş müzakirə olunub. Mövcud münasibətlərin daha da gücləndirilməsi və  inkişaf etdirilməsi istiqamətində atılmış addımlara, birgə layihələrə diqqət çəkilib. 

Dünyada aktual olan miqrasiya məsələləri, tənzimlənməyən miqrasiya və onun nəticələri, miqrantlara münasibət kimi aktual mövzulara toxunulub.

MSİBM-də keçirilmiş görüşdə Xidmət rəisi qurumun Azərbaycan Respublikası Hökuməti ilə birgə reallaşdırdığı MOBİLAZE layihəsinin əhəmiyyətini vurğulayıb. Müvafiq dövr ərzində bu platformada təşkil edilmiş müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri, görüşlər və nəticələri qeyd edilib.

Fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanda miqrasiya üzrə monitorinq, analitik və proqnozlaşdırma sahəsindəki potensialın artırılması ilə bağlı görülən işlərə diqqət çəkilib. Əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıtmış vətəndaşların davamlı reinteqrasiyasının həyata keçirilməsində idarəçiliyi gücləndirmək  imkanlarından söhbət açılıb.

V.Hüseynov ölkəmizdə miqrasiya siyasətinin səmərəli nəticələrindən, əldə olunmuş nailiyyətlərdən, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı görülən son işlərdən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur