newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT QAK-ın nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv  və qurumun Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

V.Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və həyata keçirilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. Ölkəmizdə əcnəbilərə qaçqın statusunun verilməsi, bu şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biri kimi DMX ilə BMT QAK-ın Azərbaycan nümayəndəliyi arasında əməkdaşlqı əlaqələrindən danışıb. Azərbaycanda qaçqın statusu alan  və yaxud qaçqın status almaq üçün müraciət edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi həssaslıq və qayğı ilə yanaşıldığını deyib. Onların hüquq və azadlıqlarını tam sərbəst həyata keçirmələri üçün qanunvericiliyin formalaşdığını və təkmilləşdirilməsi ilə bağlı da müvafiq işlərin görüldüyünü bildirib.

 Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Cənubi Qafqaz  üzrə regional nümayəndəsi Yohannes van der Klauv əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Vətəndaşsızlıq hallarının aradan qaldırılması, eləcə də  qaçqınların inteqrasiyası istiqamətində DMX-nin  fəaliyyətini, dövlət orqanlarının iştirakı ilə bu həssas kateqoriyadan olan şəxslərin məsələləri ilə məşğul olan işçi qrupun yaradılmasını yüksək qiymətləndirib.

Qurumun Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso da Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilən tədbirlərin davamlı olacağına əminliyini ifadə edib, münasibətlərin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur