newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

V.Hüseynov ölkəmizdə biznes və investisiya mühitinin  yaxşılaşdırılması üçün Xidmətin səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və perspektiv planlara toxunub. Sahibkarlığın inkişafı, ölkəmizə gələn əcnəbilərin rahatlıqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Yeni bir platforma olan Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı bu yaxınlarda keçirilmiş ilkin işgüzar müzakirələrdə  Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumannın fəal iştirakını və dəstəyini qeyd edib. 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann DMX tərəfindən şəffaflığın artırılması, iş icazələrinin tam elektronlaşdırılması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib. Biznesin inkişafı, investisiya mühiti ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, miqrasiya, əcnəbi işçi qüvvəsinin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı  məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, işgüzar dairələrlə belə görüşlərin keçirilməsinin məqsədi ölkədə biznesin nəbzini hiss etmək, miqrasiya ilə bağlı yarana bilən suallara aydınlıq gətirməkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur