newsPhoto

Dövlət Miqrasiya Xidməti İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı

Miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər edilməsi ilə bağlı kütləvi informasiya vasitələrindən (KİV) və ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı suallarla əlaqədar olaraq qanunvericiliyin praktik tətbiqini izah etmək məqsədilə aşağıdakıları  diqqətinizə çatdırırıq.

Qeyd edək ki, miqrasiya sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsinin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılması, məmnunluğun artırılması,  şəffaflığın təmin edilməsi, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquqlarından daha səmərəli istifadəsinə şərait yaradılmasıdır. Belə ki:

  1. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə dəyişiklikliyə əsasən ölkə ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar. Bu da şübhəsiz ki, ölkəmizə turist kimi, yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunu artıracaq.
  2. Onu da bildirirk ki, hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulur. Əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradır. Qanun layihələrində özəl sektorun inkişafı məqsədilə əcnəbinin (vətəndaşlığı olmayan şəxsin) ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsi nəzərdə tutulur.
  3. Diqqətə çatdırırıq ki, Miqrasiya Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilir. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilir.
  4. Qanun layihələrində nəzərdə tutulan digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəriməni ödəmədiyi təqdirdə ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcəkdir. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra onların ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Bu halda şəxsin məhdudiyyətin götürülməsi üçün əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək.
  5. Əlavə olaraq qeyd edək ki, daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılır. Belə ki, dəyişikliyə əsasən daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər.
  6. Onu da diqqətə çatdırırıq ki, qanun layihələrində öz əksini tapan məsələlərdən biri də miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərə (vətəndaşlığı olmayan şəxslərə) inzibati tənbehə səbəb olan halın aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən olunan vaxtın verilməsidir. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə (vətəndaşlığı olmayan şəxslərə) inzibati məsuliyyətə səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək.

Nəzərə alınmasını xahiş edirik ki, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 iyun 2018-ci ildə qəbul edilən miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur