newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda iştirak edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) təşkil etdiyi işgüzar naharda iştirak edib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

V.Hüseynov biznes sektoru nümayəndələri ilə birbaşa növbəti görüş imkanına görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, ölkəyə gələn əcnəbilərin müraciət etdiyi ilk sahələrdən biri də DMX-dir. Bu baxımdan miqrasiya sahəsində şəffaflığın və rahatlığın təmin edilməsi Xidmətin əsas prioritetlərindəndir. Çünki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir.

Xidmət rəisi vurğulayıb ki, böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verir ki, bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir.

V.Hüseynov diqqətə çatdırıb ki, DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəmizə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələri genişləndirilir. O, DMX yanında yaradılacaq Məşvərət Şurasının işində AMCHAM nümayəndələrinin də təmsil olunacaqlarına ümidvar olduğunu deyib. İlk görüşdə aparılan müzakirələrdə fəal iştirakları ilə bu layihənin gerçəkləşməsinə verdikləri dəstəyi qeyd edib.  Bildirib ki, “Ağ sənəd”, “Avropa İttifaqının Azərbaycan üzrə biznes mühiti hesabatı” və digər sənədlərdə əksini tapan fikirləriniz və rəyləriniz ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki biznes dairələrinin təklifləri Xidmətdə ətraflı təhlil olunur və nəzərə alınır.

V.Hüseynov ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və yerli əhalinin məşğulluğunun artırılması, eləcə də yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şirkətləri milli kadrlara təlimlər keçirilməsi yolu ilə milliləşdirmə siyasəti aparmağa dəvət edib.

Xidmət rəisi əlavə edib ki, qanunvericiliyin sadələşdirilməsi istiqamətində də işlər davam etdirilməkdədir.

AMCHAM nümayəndələri səmərəli görüşə və DMX rəhbərliyinin biznes sektoru təmsilçiləri ilə belə işgüzar müzakirələrə verdiyi önəmə görə razılıqlarını ifadə ediblər.

DMX rəisi sualları və müraciətləri cavablandırıb.

Görüşdə AMCHAM üzvləri çıxış və təqdimatlar ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur