Azərbaycanda qaçqın statusu almış şəxslərlə Dövlət Miqrasiya Xidmətində görüş olub
Dövlət Miqrasiya Xidmətinin (DMX), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə Azərbaycanda qaçqın statusu almış əcnəbilərlə Xidmətin inzibati binasında görüş keçirilib və onlara bayram sovqatı verilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov cəmiyyətin həssas təbəqəsindən olan bu şəxslərə həmrəylik, mərhəmət, xeyirxahlıq və humanizm kimi ülvi hissləri tərənnüm edən müqəddəs Ramazan bayramı ərəfəsində xoş arzularını ifadə edib. Xidmət rəisi dünyada milyonlarla insanın iradəsindən asılı olmayaraq üzləşdiyi məcburiyyət halları, münaqişələr, müharibələr nəticəsində qaçqın vəziyyətinə düşdüyünü və bu məsələnin qlobal bir problem olduğunu deyib. Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərində böyük qaçqın və köçkün axını ilə üzləşdiyini və bu baxımdan görüşdə iştirak edən insanların qayğılarının bizə tanış olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, məhz bugünkü tədbirin təşkili milli-mənəvi dəyərlərimizə ehtiramın, eləcə də belə həssas insanlara dövlət qayğısının təzahürüdür.
V.Hüseynov DMX-nin tərəfdaş qurumlarla birgə bayram münasibətilə təşkil etdiyi bu tədbirdə yaranmış əlverişli imkandan istifadə edib qaçqın status almış şəxslərin təkliflərini və mövcud problemlərini dinləmək istədiyini diqqətə çatdırıb. Görüş iştirakçıları adından Əhəd Səxavəti, Yusif Katib, Həbibə Adelzadə, Seyid Mehdi, Həmid Sabiri və digərləri ölkəmizdə ilkin olaraq onlara dövlət tərəfindən mənəvi, hüquqi, həm də maddi baxımından mümkün köməkliklər edildiyinə, həmçinin Xidmət rəhbərliyi ilə birbaşa dialoq baxımından belə bir səmimi mühitin yaradıldığına görə minnətdarlıqlarını və rastlaşdıqları sosial xarakterli müxtəlif təkliflərini ifadə ediblər.
Xidmət rəisi onların qaldırdıqları sualların həlli məqsədilə zəruri tədbirlərin görülməsi istiqamətində niyyətin olduğunu və qaçqın statusu almış şəxslərin məsələləri ilə məşğul olan işçi qrup vasitəsilə də aidiyyəti üzrə təqdim ediləcəyini deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin və DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarına səmimi təbriklərini çatdırıb, onlarla bağlı təmsil etdikləri qurumların layihələrinə toxunublar.
Sonda bayram sovqatları təqdim edilib.