newsPhoto

Dövlət Miqrasiya Xidmətində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib

Dövlət Miqrasiya Xidmətində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.  

Tədbirdə Xidmətin məsul əməkdaşları cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara can sağlığı və xoşbəxtlik arzulayıblar.

Bildirilib ki, zəngin milli-mənəvi dəyərlərə malik Azərbaycanda gələcəyimiz olan uşaqlara həmişə məhəbbətlə yanaşılıb. Onların sağlam, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda böyüyən əcnəbi ailələrin uşaqları da diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Təşkil edilən bu şənlik dövlətimizin nəinki ölkə vətəndaşlarına, həm də əcnəbi ailələrdə böyüyən uşaqlara qayğısının təzahürüdür.

Bu əlamətdar gün münasibətilə DMX-nin Həmkarlar İttifaqının iştirakı ilə təşkil edilən şənliyin iştirakçısı olan uşaqlara hədiyyələr təqdim olunub.

Sonra azyaşlıların “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Şirvanşahlar sarayı və digər zəngin tarixi və maddi-mədəniyyət abidlərimiz haqqında əcnəbi uşaqlara və valideynlərinə məlumat verilib.

Keçirilən bayram tədbiri uşaqların yaddaşında xoş izlər buraxıb  və valideynlərin çox böyük razılığına səbəb olub. Onlar övladlarına göstərilən bu diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur