newsPhoto

Mayın 29-da reinteqrasiya üzrə işçi qrupunun üçüncü iclası keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov reinteqrasiya üzrə işçi qrupunun Xidmətin inzibati binasında təşkil edilmiş üçüncü iclasının gündəliyinə çox vacib məsələlərin daxil edildiyini bildirib. Xidmət rəisi vurğulayıb ki, readmissiya olunmuş şəxslərin cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını sürətləndirmək, dayanıqlı qayıdışı təmin etmək məqsədilə Nazirlər Kabinetinin tapşırığı ilə yaradılmış işçi qrupunun üzərinə böyük vəzifələr düşür. V.Hüseynov xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkilinin aktuallığına diqqət çəkib. Ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi tərəfindən görülümüş işləri qeyd edib.

İclasda məlumat verilib ki, ötən dövrdə işçi qrupunda təmsil edilən aidiyyəti dövlət orqanlarının - Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin nümayəndələrinə ünvanlanmış məktublara əsasən readmissiya edilmiş şəxslərə zəruri köməkliyin göstərilməsi istiqamətində müvafiq tədbirlər görülüb.

Əlavə olaraq DMX tərəfindən belə həssas təbəqədən olan insanların üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün yerli icra orqanlarına da  müvafiq məktublar göndərilib.

İclasda hesabat xarakterli məlumatlar təqdim edilib. Qeyd olunub ki, müraciətlərin sayı artdığına görə reinteqrasiya üzrə işçi qrupunun fəaliyyətinin sistemləşdirilməsinə, ilkin mərhələdə barəsində məlumat göndərilən şəxslərlə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi üçün konkret müddətin müəyyənləşdirilməsinə ehtiyac var. Həmçinin işçi qrupunun üzvlərini reinteqrasiya prosesində daha fəal olmasının vacibliyi vurğulanıb.

İclas öz işini bir sıra zəruri məsələlərin işçi qaydada müzakirəsi ilə davam etdirib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur