newsPhoto

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Avropa İttifaqının (Aİ)  Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə Baş Direktorluğunun Regional Proqramlar bölməsinin rəhbəri Vasilis Maragos da görüşdə iştirak edib.

Görüşdə Aİ ilə mövcud əlaqələrdən söhbət açılıb və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Vüsal Hüseynov iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Görülən tədbirlərin Avropa İttifaqı vətəndaşlarına sürətlə inkişaf edən Azərbaycanı tanımaları, münasibətləri inkişaf etdirmək üçün də əlverişli imkanlar verdiyini deyib.

Xidmət rəisi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirləri qeyd edib.     

V.Hüseynov 2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış  “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin də əhəmiyyətini vurğulayıb.

Xidmət rəisi DMX-nin də iştirak etdiyi, donoru və ya donorlarından biri Avropa İttifaqı olan və hazırda icrası davam etdirilən layihələrin bir platforma kimi önəminə diqqət çəkib. Belə ki, BMqT-nin Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi, həmçinin insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi layihələrini qeyd edib. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin “Azərbaycan Respublikası ilə Aİ arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib. Bu silsilədən BMT QAK-ın “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” (ŞACQKT) layihəsi də qeyd olunub.

Avropa İttifaqının (Aİ)  Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas görüşə görə minnətdarlığını bildirib. DMX ilə əməkdaşlığa önəm verdiklərini deyib. DMX-nin prioritet hesab etdiyi sahələrə dəstək verməyə hazır olduqlarını söyləyib.

Görüşdə miqrasiya sahəsində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur