newsPhoto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Dövlət Miqrasiya Xidmətində qeyd edilib

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə diqqətin bariz nümunəsidir. Eləcə də ölkə başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərinin təcəssümüdür.

Xidmət rəisi bildirib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı hüquqi zəmin hazırlanıb.  V.Hüseynov 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildiyini bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə iş davam etdirilir. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Vüsal Hüseynov “qürurla deyə bilərəm ki, Cümhuriyyətin 100 illik yubileyini  Prezident İlham Əliyevin rəhbərliyi altında Avropa və Şərq dəyərlərini özündə birləşdirən müasir müstəqil ölkəmizin bir sıra uğurlara imza atdığı tarixi bir dövrdə qeyd edirik”, deyə fikrini davam etdirib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki xüsusi rolu və əhəmiyyəti barədə danışıb. Cümhuriyyət qurucularının misilsiz xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Tarixçi alim vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin  öz dövlətçilik atributlarını qəbul etməsi, hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin ağır ictimai-siyasi şəraitdə elan edilməsinə  baxmayaraq, xalqımızın dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etmişdir. İndiki demokratik ölkələrdən çox-çox əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ verdiyini xüsusilə qeyd edib. Cümhuriyyətin böyük uğurlarından biri də 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın müstəqil dövlət kimi de-fakto tanınması olub.

Sonra DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında keçirilmiş şahmat və dama yarışlarının qalibləri mükafatlandırılıblar.

Tədbirin sonunda Azərbaycan televiziyasının istehsalı olan “Azərbaycan Xalq Cümhuriyyəti-100 il”  sənədli  filmi nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur