newsPhoto

Lerikdə keçirilən tədbirdə qanunsuz miqrasiyanın qarşısının alınmasından danışılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) Lerikdə təşkil etdiyi maarifləndirmə tədbirində qanunsuz miqrasiya hallarının qarşısının alınması və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələlərindən danışılıb.

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisi olan Lerik rayonunun ictimaiyyət nümayəndələri ilə görüşdə iştirakçılara qanunsuz miqrasiyaya səbəb olan hallar, qeyri-qanuni miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib. Bildirilib ki, DMX-nin fəaliyyət istiqamətlərindən biri qeyri-qanuni miqrasiya halları ilə mübarizədir. Xidmət qanunsuz miqrasiya ilə mübarizəni daima diqqət mərkəzində saxlayır. Təkcə ötən il və bu ilin 4 ayı ərzində ümumilikdə Azərbaycanda İnzibati Xətalar Məcəlləsi və Miqrasiya Məcəlləsinin tələblərini pozaraq qeyri-qanuni yaşayan 27 min 388 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. 

Görüşdə əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı həyata keçirilmiş yeniliklər haqqında da məlumat verilib. Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Xidmətin regional miqrasiya idarələri ilə paralel olaraq Dövlət Miqrasiya Xidməti  ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  arasında imzalanmış Anlaşma Memorandumuna əsasən “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir. Həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə elektron qaydada da olduğu yer üzrə qeydiyyat üçün müraciət etmək mümkündür. Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı dövlət rüsumu ödənilmir.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur