Şəkidə mehmanxana nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidməti yay turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda fəaliyyət göstərən mehmanxana, sanatoriya, istirahət evi, kempinq, turist bazası nümayəndələri ilə “Sheki Palace” hotelində əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma qaydaları barədə maarifləndirmə tədbiri keçirib.
Görüşdə ölkədə qeyri-neft sektorunun, xüsusilə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, respublikaya təşrif buyuran turistlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, region əcnəbilər üçün turizm baxımından cəlbedicidir. Xüsusilə yay fəslinin gəlişi ilə bölgədə turizm sektorunun canlanması müşahidə edilir. Qeyd edilib ki, ölkədə 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər. Mehmanxana nümayəndələri də bilməlidirlər ki, əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidirlər.
Qeydiyyat Xidmətin regional miqrasiya idarələri ilə paralel olaraq ölkədə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir. Eyni zamanda elektron xidmətlərdən istifadə etməklə də olduğu yer üzrə qeydiyyata düşmək mümkündür. Olduğu yer üzrə qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.
Daha sonra müraciətlərin elektron qeydiyyatının aparılması qaydaları video təlimat vasitəsi ilə də izah edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.