Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) nümayəndə heyəti ilə görüşüb.
Məqsəd DMX ilə MSİBM arasında əlaqələrin gələcək perspektivlərinin, əməkdaşlıq məsələlərinin və yeni layihələrin, prioritetlərin müzakirəsi olub.
Xidmət rəisi Azərbaycan Respublikasının MSİBM-lə miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaş təşkilatlardan biri olduğunu və qurumla əlaqələr qurulduğu vaxtdan bəri ölkəmizdə bir sıra önəmli layihələrin həyata keçirildiyini bildirib. O, DMX-nin Mərkəzlə birgə həyata keçirdiyi “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin əhəmiyyətini xüsusilə qeyd edib.
V. Hüseynov bildirib ki, birgə əməkdaşlığın səmərəli nəticəsi olaraq həyata keçirilən müvafiq sazişlər çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün Reinteqrasiya üzrə İşçi Qrupunun yaradılması da MOBİLAZE layihəsi çərçivəsində reallaşdırılan fəaliyyətin uğurlu nəticələrindən biridir. Xidmət rəisi qeyd edib ki, DMX də öz növbəsində hər zaman beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır və miqrasiya sahəsində öz təcrübəsini dünya dövlətləri ilə bölüşməyə hazırdır.
MSİBM-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional kordinatoru Radim Jak təmsil etdiyi təşkilatla Azərbaycan Hökumətinin qurduğu əməkdaşlıq əlaqələrinin son illər ərzində daha da möhkəmlənməsini və DMX-nin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi qeyd edib. Bildirilib ki, 5 komponentdən ibarət MOBİLAZE layihəsi çərçivəsində bu günədək DMX ilə əməkdaşlıq şəraitində, ümumilikdə 61 beynəlxalq tədbir həyata keçirilib. Bununla yanaşı, bir sıra hesabatlar və Azərbaycanda baş verən miqrasiya prosesləri ilə əlaqəli çoxsaylı nəşrlər çap olunub.
Görüşdə Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əlaqələrin gələcək perspektivləri, əməkdaşlıq məsələləri, yeni layihələrin müzakirəsi və bu istiqamətdə maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, MSİBM Avropa İttifaqının miqrasiya sahəsində çoxtərəfli əməkdaşlıq platformaları olan Budapeşt və Praqa Proseslərinin Katibliyi funksiyasını yerinə yetirir.